Azerbaijan English

Startapımız beynəlxalq konfransda

Azərbaycanda  fəaliyyətə başlayab Onbranch layihəsi Türkiyədə keçirilən “Startap İstanbul” beynəlxalq konfransında iştirak edib.

Startup.az-ın məlumatına görə, dörd gün davam edən “Startap İstanbul” konfransı startapların inkişafı ilə məşğul olan Türkiyə şirkətləri tərəfindən bir çox ölkələrin İT sferasında işləyən aparıcı şəxsləri və onların layihələrini eyni məkanda birləşdirmək məqsədi ilə təşkil edilib.

Konfransda 40-a yaxın ölkə iştirak edib, Yaxın Şərq, Asiya ölkələri, Ukrayna, Rusiya, hətta Qərb ölkələrindən də iştirakçılar olub.

Tədbir həmçinin yarış xarakterli olub. Konfransa 20 minə yaxın startap layihəsi təqdim olunsa da, onlardan 100-ü final mərhələsinə seçilib və təsisçilər tədbirə dəvət olunub.

Konfransda müasir texnologiyalar ilə bağlı müxtəlif çıxışlar, panel müzakirələri olub. Bundan əlavə, seçilən layihələrin hər birinin təqdimatı keçirilib.

Azərbaycanın konfransda yeganə təmsilçisi Onbranch layihəsi olub. Onbranch layihəsi barədə təsisçisi Elçin Əskərov təqdimatla çıxış edib. O, Onbranch sosial paylaşım platformasının yaradılmasının əsas məqsədinin eyni məkanda olan insanları birləşdirmək olduğunu deyib.

Onbranch-ın üstünlüklərindən danışan E.Əskərov bu unikal layihənin dünyada analoqu olmadığını bildirib:

"Tətbiqetmənin digər üstünlüyü bir məkana daxil olarkən ətrafdakı insanlarla ünsiyyət yaratmaq üçün onların real oturduğu hər hansı məkanda real koordinatları görməkdən ibarətdir. Məsələn, proqram iki şəxsdə varsa, eyni məkana daxil olarkən onlar bir-birilə ünsiyyət yarada bilərlər”.

Onun sözlərinə görə, digər bir məsələ isə tətbiqetmənin yaradılan virtual proyeksiyası ilə bağlıdır:

“Belə ki, hər hansı şəxs müəyyən məkana daxil olduqda, telefonla həmin məkanın virtual formasına daxil olur və onun proyeksiyası yaranır. Bu, bir çox imkanları genişləndirir. Misal üçün hər hansı bir məkanın kitabxanasından istifadə etməyə istifadəçiyə şərait yaradır. Yaxud istifadəçi şəhərdə hər hansı bir istirahət məkanındadırsa, restorandadırsa, onun menyusuna nəzər salıb sifariş verə bilər”.

Qeyd edək ki, istifadəçilər Onbranch vasitəsilə getdikləri istənilən məkanı özləri üçün yenidən kəşf etmək şansı əldə edəcəklər. Belə ki, real həyatda məkana daxil olan istifadəçi sadə qoşulmanı həyata keçirməklə həm də virtual olaraq həmin məkanın ərazisinə daxil olur. Bununla da, istifadəçi özü və onun kimi digər ziyarətçiləri məkanın virtual xəritəsində görə və onlarla ünsiyyətdə ola bilir, həmçinin məkanın təqdim etdiyi xidmətlərdən yararlanmağı bacarır.

Beləliklə, sözügedən platforma yeni nəsil sosial şəbəkəsi olmaqla ilk dəfə hər bir şəxsə virtual məkanda olduğu vaxtda real həyatda ətrafında olan insanları tanımaq və onlarla ünsiyyət qurmaq imkanını yaradır.

Başlanğıc nöqtəsi istirahət, əyləncə və iaşə sektorları olmaqla, Onbranch növbəti mərhələlərdə ictimai xidmətlər və biznes mühiti üçün müxtəlif rahat və effektiv həllər təklif etməyi planlaşdırır. İstənilən sahədə fəaliyyətin əsas prinsipi detallı araşdırmanın aparılması ilə həm sıravi istifadəçilər, həm xidmət göstərənlər üçün rahat və faydalı məhsulların hazırlanmasıdır.

Onbranch-a qoşulan məkanların özləri üçün ayrıca mobil tətbiq (application) sifariş etmələrinə, həmçinin onlayn sifariş sisteminə artıq xərc çəkməsinə heç bir zərurət qalmır. Müxtəlif kateqoriyalara aid olan məkanların sahibləri “Onbranch” vasitəsilə öz biznesini inkişaf etdirə və müştərilərinə yeni xidmət çeşidlərini təklif edə biləcəklər. İstənilən kafe, restoran, əyləncə mərkəzi, universitet, kitabxana və ya hər hansı digər məkanın səhifəsi qeydiyyatdan keçməklə vahid virtual sistemin tərkib hissəsi olacaq. Bu sistemə təkcə qapalı məkanları deyil, həmçinin açıq havada olan əraziləri də eyni qaydada qoşmaq mümkündür.

Onbranch istənilən məkan üçün onun həqiqi interyerini və eksteryerini əks etdirən xüsusi üçölçülü qrafik xəritənin yığılmasını da təmin edir.

İki ilə yaxın müddətdə hazırlanan bu platforma vasitəsilə istənilən məkanın idarəçisi ziyarətçilərini tanımaq, onlara real həyatda təqdim olunan xidmətləri vahid virtual zonada təqdim etmək, ziyarətçilərlə istər ümumi, istərsə də fərdi qaydada daha sıx və interaktiv ünsiyyət qurmaqla onlara məlumatları daha tez və daha fərqli şəkildə çatdırmaq kimi unikal imkanlar qazanır.

Startup.az

 

7 sətirlik kod yazdı, dünyanın ən gənc milyarderi oldu

2011-ci ildə 27 yaşlı irlandiyalı sahibkar John Collison Stripe adlı  internet ödəniş sistemi qurdu. Bununla da o, dünyanın ən...

21 Nov 2017
3D oyunlarla bağlı təlimlər başladı

“Hackathon Azerbaijan” layihəsi çərçivəsində həyata keçirilən Game Jam müsabiqəsinin qeydiyyat mərhələsi...

21 Nov 2017