Azerbaijan English

Tələbələr Startap Günlərinə necə hazırlaşır?-Reportaj

Məlumat verdiyimiz kimi, növbəti Startap Günləri aprelin 6-7 tarixində Azərbaycan Texniki Universitetində (AzTU) təşkil ediləcək.

Hazırda həm Startap Azərbaycan, həm də Azərbaycan Texniki Universitetində ciddi hazırlıqlar gedir.

Belə ki, Startap Günləri ilə əlaqədar artıq Universitetdə İşçi Qrup da yaradılıb, tələbələrlə Startap Azərbaycan ekspertlərinin görüşü keçirilib.

Universitetdə bununla bağlı görülən işləri, tələbələrin marağını mediadan izləyirik.

Xeberler.az olaraq bunu nəzərə alıb, AzTU müəllim və tələbə heyətinin Startap Günlərinə hazırlığı ilə bağlı yaxından maraqlandıq.

Bu məqsədlə Universitetdə olub, görülən işlərlə əyani tanış olduq.

Tərbiyə işləri üzrə prorektor, professor İsa Xəlilov Universitetdə ilk dəfə təşkil ediləcək Startap Günləri barədə ətarflı məlumat verib.

Startap Günlərinin əhəmiyyətindən danışan prorektor bu sahədə artıq müəyyən təcrübələrinin olduğunu bölüşüb:

“Bundan öncə tələbələrimiz komanda halında ölkədə keçirilən müxtəlif startap yarışlarında iştirak edib. Onlardan bəziləri qalib olub, müxtəlif naliyyətlər qazanıb. Biz də Universitet olaraq onlara bu sahədə həmişə dəstək göstəririk. Lakin indi ilk dəfə olaraq AzTU-nun bütün fakültə və ixtisasları əhatə etməklə startap tədbiri təşkil edirik”.

Prorektor hesab edir ki, tələbələr təhsil aldıqları müəssisələrdə yalnız nəzəri biliklər almaqla kifayətlənməli deyil:

“Bilirsiniz ki, AzTU-da texniki sahələr üzrə müxtəlif ixtisaslar tədris edilir. Gənclər buranı bitirdikən sonra şirkət və qurumlarda mütəxəssis kimi çalışacaq. Ona görə də indidən özlərinə müəyyən bacarıqlar formalaşdırmalıdır. Bu kimi tədbirlər tələbələrdə həm özəl, həm də iş həyatlarında uğur qazana biləcəyi xüsusi vərdişlər, xüsusiyyətlər yaradır”.

İsa Xəlilov deyir ki, startap layihələri bu mənada onlara çox kömək edə bilər:

“Çünki tələbələr burada kollektiv işləmək bacarıqlarına yiyələnir. Eyni zamanda, tələbələr öz ideyalarını səsləndirə , ideyalarını müdafiə edə, onu layihə şəklində formalaşdıra bilir. Nəticədə maraqlı mübarizə şəraitində öz ideylarının doğruluğunu sübut edə bilərlər. Bu, həm gənclərin ümumi hazırlığı, həm də gəncləri pis vərdişlərdən uzaqlaşdırmaq, onları aktiv sosial həyata dəvət etmək baxımından əhəmiyyətlidir”.

Universitet rəsmisi Startap Günlərinə tələbələrin və universitet heyətinin hazırlığı barədə də danışıb.

Onun sözlərinə görə, AzTU-da tədbir ilə bağlı Əsasnamə hazırlanıb, İşçi Qrup da yaradılıb. Sosial şəbəkə və sayt vasitəsi ilə bütün tələbələrə bu barədə məlumat verilib.

Öyrənirik ki, Startap Günləri ilə bağlı xeyli sayda tələbə müraciət edir.

“Qeyd etdiyim kimi, tələbələr Universitetimizdə müxtəlif sahələr üzrə təhsil alırlar. Məlum olduğu kimi, startapda komandanın tərkibində İT mütəxəssisə və digər kadrlara ehtiyac olur. AzTU-da belə mütəxəssislərin sayı kifayət qədərdir. Biznes layihə, təqdimat sahəsində çox bacarıqlı tələbələrimiz var. Hesab edirik ki, startap layihələri hazırlamaq üçün AzTU-da çox münbit bir şərait var”.

Onu da öyrənirik ki, bu yaxınlarda Universitetdə Yaradıcılıq Mərkəzləri yaradılıb. Həmin mərkəzlərin nəzdində fəaliyyət göstərən klublardan biri də Startap və İnnovativ layihələrin dəstəklənməsidir.

Hər zaman AzTU-nun bu sahəyə xüsusi diqqətini vurğulayan prorektor gələcəkdə Universitetin tələbələrin irəli sürdüyü ideyalara, layihələrə madddi dəstək verə biləcəyini də istisna etməyib.

Startap Günlərinin keçiriləcəyi Mərkəzin İT avadanlıq, internet və digər ləvazimatlar baxımından təmin edildiyini deyən İsa Xəlilov ideyaların içərisindən çox yaxşı layihələrin ortaya çıxacağına ümid edir.

AzTU-da Kompüter Mühəndisliyi üzrə təhsil alan 3-cü kurs tələbəsi Aydan Mühəmmədi Startap Günlərinə böyük həvəslə hazırlaşdığını deyib:

“Bundan öncə startap tədbirlərində iştirak etmişəm. Daha sonra bizim də Universitetdə bu sahə ilə bağlı böyük tədbirin keçirilməsini öyrəndim və çox sevindim. Startap Azərbaycan-ın ekspertləri ilə görüşümüz oldu. Onlar layihə haqda ətraflı məlumat verdilər. Bir neçə ideyamız var. Startap Günlərində bu ideyaları təqdim edib, layihələrimizi yaratmaq istəyirik. Öz ideyam seçilməsə belə, digər tələbə yoldaşlarımın seçilən ideyalarının tərkibində də olmağı düşünürəm. Belə tədbirdə iştirak böyük təcrübədir. İdeyamız seçilməyə də bilər əsas olan biznes, startap sahəsində olan çox insan tanımağımızdır”.

Aysel Hüseynova da düşünür ki, Startap Günlərində iştirak ona böyük təcrübə qazandıracaq:

“Startap Günlərinin məhz bizim universitetdə keçirilməsinə sevindik. Böyük həvəslə tədbirə hazırlaşırıq. Startaplarla yaxından maraqlanırıq. Özümüz dekantlığa müraciət etmişdik ki , bu sahədə tədbirlər olanda bizə xəbər versinlər. Bir çox ideyamız var. Orada mentorların bizə öyrədəcəklərindən yararlanmaq istəyirik. İnidən özümüzə komanda yoldaşı da axtarırıq. Tədbirə qatılmaqda əsas məqsədim mentor və ekspertlərin təcrübələrindən faydalanmaqdır”.

AzTU-nun tələbəsi Araz Məhərrəmlinin də bu sahəyə böyük həvəsi var.

O düşünür ki, Startap Günlərində texnologiya ilə bağlı biliklərini daha da təkmilləşdirmə imkanı qazana biləcək.

“Startap sahəsi ilə bağlı təcrübələrimdə dəyişiklik edə bilərəm. Əsas qalib olmaq yox, yeni biliklər öyrənməkdir. Bir çox ideyam var. Süni intellekt ilə bağlı da layihələr düşünürəm. Gələcəkdə bu sahədə ölkəmizdə yenilik edib, fayda verməyi planlaşdırıram”.

2-ci kurs tələbəsi Minayə Hüseynova ilk dəfədir belə tədbirdə iştirak edəcəyini bölüşüb:

“Öz ideyalarımı layihəyə çevirmək istəyirəm. Bu baxımdan Startap Günləri mənim üçün yaxşı fürsətdir. Ümid edirəm ki, mentor və ekspertlərin köməyi ilə ən yaxşı ideyam seçiləcək”.

Fərid Nağdaliyev bundan öncə startap tədbirlərində , ideya yarışlarında işirak edərək qalib seçilib. O da düşünür ki, Startap Günləri onun biliklərini daha artıracaq:

“Bu sahəyə marağım var. Həmçinin, idman sahəsində də fəaliyyət göstərirəm. Startap Günlərində ideyalar yarışır və bu, çox maraqlıdır. Məsələn, hansısa idman yarışında qalibi əvvəlcədən müəyyən etmək olur. Amma ideya yarışı elədir ki, sonda ekspertlərin qərarı ilə hər şey dəyişə bilər. Potensialı olmayan bir layihə də qalib gələ bilər. Startap Günlərinə qatılmaqda əsas məqsədim böyük təcrübə qazanmaqdır”.

Mahir Kərimov da Startap Günlərinə ciddi hazırlaşır. Deyir ki, ideyanın elmi əsas olmalıdır. O da məhz belə ideyalar irəli sürmək istəyir:

“İdeya həm dövlət üçün əhəmiyyətli olmalıdır, həm də gəlir gətirməlidir. Belə ki, yalnız ideyaya qoyulan maliyyə yox, onlardan alınacaq maliyyə də önəmlidir. Məncə, Startap Günləri öz ixtisasımı daha yaxşı, geniş öyrənmək baxımından faydalı olacaq. İdeyam seçilməsə də, digər tələbə yoldaşlarımla komanda tərkibində işləyəcəm. Uduzanların yaxşı sözü olduğu kimi: əsas iştirak etməkdir (gülür)”.

Startap Günləri AzTU-nun və Startap Azərbaycan-ın təşkilatçılığı ilə keçiriləcək.
Layihəyə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Yüksək Texnologiyalar Parkı və İnformasiya Texnalogiyalarının İnkişaı Dövlət Fondu dəstək verir.

 
Tələbələr Startap Günlərinə necə hazırlaşır?-Foto

Məlumat verdiyimiz kimi, növbəti Startap Günləri Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçiriləcək. 

Belə ki,...

24 May 2018
UNEC-də Startap Günlərinə hazırlıqla bağlı görüş keçirilib

Məlumat verdiyimiz kimi, növbəti Startap Günləri Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçiriləcək. 

Belə ki,...

24 May 2018