Azerbaijan English

Mingəçevirin innovativ layihələri müəyyənləşib

"İdeyadan Biznesə" layihəsi çərçivəsində cari ilin ilk startap turu fevralın 21-də Mingəçevir şəhərində təşkil olunub. İlk turda Mingəçevir şəhəri ilə yanaşı, Gəncə şəhəri, Şəki, Tərtər, Şəmkir, Ucar, Balakən, Yevlax və  Ağdaş rayonlarından olan 100-dən çox gənc iştirak edib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Azercell” və “Microsoft” şirkətinin birgə təşkilatçılığı ilə reallaşdırılan “İdeyadan Biznesə” layihəsinin məqsədi startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək göstərməkdir. Tədbirdə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron idarəçilik və informasiya cəmiyyətinin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov bildirib ki, “İdeyadan Biznesə” layihəsinin icrasına 2018-ci ilin aprel
ayından etibarən başlanılıb. Layihə çərçivəsində 8 regionda, 16 ali təhsil, 3 ümumtəhsil müəssisəsində “İdeyadan Biznesə” layihəsi çərçivəsində startap turları keçirilib. 

“Startap marafonuna 7 ay ərzində respublikanın ayrı-ayrı şəhər və rayonlarından 2 mindən çox iştirakçı qatılıb. Ümumilikdə seçilən 75 komandadan 13- ü respublika finalında iştirak hüququ qazanıb. Finalda 3 layihə qalib olub, daha 4 layihə isə tərəfdaşlar tərəfindən mükafatlandırılıb. Ötən müddət ərzində biz partnyorlarla birgə qalib layihələrin prototiplərinin hazırlanmasına, ideyaların biznesə çevrilməsinə dəstək göstərmişik. İnanırıq ki, layihənin növbəti mərhələsində də kəşf etdiyimiz innovativ ideyalar real biznes subyektinə çevrilə biləcək” – deyə, R.Əzizov bildirib.

“Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri İmran Bağırov Azərbaycanda startap sahəsində dövlət və özəl təşkilatlar tərəfindən bir sıra layihələrin uğurla həyata keçirildiyini qeyd edib. O, həmçinin bu kimi tədbirlərin yeni İT layihələrinin üzə çıxarılmasına, innovativ ideyaların uğurlu biznesə çevrilməsinə yardım etməklə yanaşı, gənc startapçıların mentorluq dəstəyi, ölkədaxili və xarici investorlarla görüş kimi imkanlarla təmin olunmasına şərait yaratdığını diqqətə çatdırıb. Mingəçevir Dövlət Universitetinin İnnovativ Biznes İnkubasiya Mərkəzinin rəhbəri Möhübbət Əhmədov bildirib ki, universitetdə tələbələrin yaradıcılığı və təşəbbüslərinin stimullaşdırılması, eləcə də startap layihələrinə dəstək məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə 2016-cı ildən İnnovativ Biznes İnkubasiya Mərkəzi fəaliyyət göstərir.  Bu Mərkəzdə ərsəyə gələn layihələr turizm sektorunda, tədris prosesində, internet şəbəkəsində,  ticarət və əyləncə sahəsində bir sıra əhəmiyyətli yeniliklər etməklə İKT sahəsində nailiyyətlərə imza atıblar. Tədbirin informativ hissəsindən sonra startapları əsas müsabiqəyə hazırlamaq üçün kiçik biznes-treninq keçirilib və iştirakçılardan ibarət 8 komanda formalaşdırılıb. Mentorlar həmin komandaları əsas müsabiqəyə hazırlayıblar.  İkinci hissədə komandalar ideyalarını münsiflər heyəti qarşısında təqdim ediblər. Hər çıxışdan sonra interaktiv sual-cavab və layihənin müzakirəsi baş tutub. Bu mərhələnin sonunda münsiflər hər region üzrə 1-ci, 2-ci və 3-cü yerlərin qaliblərini müəyyənləşdiriblər.  Beləliklə, 1-ci yerə “Self”,  2-ci yerə “Way friend”, 3-cü yerə isə “SCash” layihəsi layiq görülüb.  Qalib olan layihələr Bakıda keçiriləcək Milli Finalda iştirak hüququ qazanıb. Milli Finalda təşkilatçılar və tərəfdaşlar qalib gələcək ilk üç yerin sahiblərini mükafatlandıracaqlar. Onlara həmçinin ideyalarını biznesə çevirmək üçün maliyyə dəstəyi göstəriləcək.

Qeyd edək ki, il ərzində startap turları Sabirabad, Sumqayıt, Gəncə, Göyçay, Naxçıvan, Bakı, Lənkəran, Zaqatala, Tovuz, Şamaxı və Şəkini əhatə edəcək.

StartupFest 2019 çərçivəsində DevOpsDays tədbiri təşkil olunub

22 noyabr 2019-cu il tarixində “StartupFest 2019” çərçivəsində və Azərbaycanda ilk dəfə “DevOpsDays” təşkil olunub.

ADA...

22 Nov 2019
StartupFest 2019-a start verilib

21 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar...

21 Nov 2019