Azerbaijan English

Azercell startapçıları iş adamları ilə görüşdürür-Layihə

Azercell Telekom MMC- nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi PAŞA Bankın dəstəyi ilə startaplara dəstək məqsədilə daha bir layihəni həyata keçirir.

Şirkətdən Startup.az-a verilən məlumata görə, gənc startapların dünyagörüşünü artırmaq və onları öz layihələrini uğurla həyata keçirməyə yardımçı olmaq üçün Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi "Mentorlarla səhər yeməyi" layihəsinə başlayıb.

Sentyabrın 22-dən başlayaraq hər ayın 3-cü cümə günü uğurlu biznes adamları və sahibkarlarla startapların  işdən kənar 1.5 saatlıq görüşü təşkil olunacaq. Görüşdə startapların hal-hazırda üzərində işlədikləri layihələr müzakirə olunacaq, eləcə də  gələcəkdə reallaşdırırlması mümkün olan işlər üçün dəyərli məsləhətlər veriləcək.  Görüşdə biznesin idarə olunması, investor və tərəfdaşların aşkar edilməsi, satışların artırılması, əlaqələrin genişləndirilməsi və s. üzrə mövzu üzrə müzakirələr də aparılacaq. 

Sentyabrın 22-də baş tutan ilk görüşdə Golden Pay şirkətinin təsisçisi və İdarə Heyətinin Sədri, sahibkar Fərid İsmayılzadə startaplarla öz iş təcrübəsini bölüşüb. Qeyd edək ki,  Fərid İsmayılzadə İngilis dili Gimnaziyanı  bitirdikdən sonra, Türkiyənin Bilkent Universitetində Beynəlxalq Münasibətlər ixtisası üzrə təhsilini davam etdirib. 19 yaşında, nümunəvi tələbə kimi Bilkent Universiteti bitirdikdən sonra, San Jose Dövlət Universitetində təhsil alıb. 2007-ci ildə Azərbaycanın ilk onlayn ödəmə şirkətini yaradıb. Bu gün GoldenPay ölkənin ən böyük online ödəmə xidməti təchizatçısıdır. 2011-ci ildə hesab.az portalını təsis edib. 

Məlumat üçün bildirək ki, Azercell Telekom MMC-nin Barama İnnovasiya Mərkəzi Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə Azercell şirkəti tərəfindən yaradılmış layihədir. Barama əsasən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startup-ları dəstəkləyərək onların şirkətləşməsinə kömək edir. Barama fəaliyyətdə olduğu 8 il ərzində bir çox uğura imza atıb. Belə ki, mərkəzdə 30-dan çox layihə fəaliyyətə başlayıb, onlardan 20-i uğurla başa çatıb, hal-hazırda fəaliyyətdə olan 4 uğurlu şirkət yaranıb. 2014-cü ildən başlayaraq Barama öz fəaliyyətini daha üstün səviyyəyə daşıyaraq professional biznes inkubatoru kimi formalaşdırıb və  Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi adı altında ictimaiyyətə təqdim olunub.

Startup.az

 
GİST-də iştirak edən 15 yaşlı həmyerlimizə dəstək lazımdır

Bu il Qlobal Sahibkarlıq Sammiti noyabrın 28-30 tarixlərində Donald Trump-ın qızı İvanka Trump-ın iştirakı ilə Hindistanda...

16 Nov 2017
Məşhur müğənni öz İT şirkətini qurub

Son vaxtlar dünyada bütün sahələrin startap dünyasına marağı müşahidə edilir.

Belə ki, bir çox tanınmışlar, müxtəlif...

15 Nov 2017