Sabirabad rayonunda ilk startap turu keçirilib
Startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədi ilə ötən ildən icrasına başlanılan “I2B- İdeyadan Biznesə” layihəsi bu il əhatə dairəsini genişləndirib.
Belə ki, il ərzində layihə çərçivəsində təşkil olunacaq startap turları ölkənin bir çox fərqli şəhər və rayonlarını - Sumqayıt, Gəncə, Göyçay, Naxçıvan, Bakı, Lənkəran, Zaqatala, Tovuz, Şamaxı və Şəkini əhatə edəcək. Martın 1-də isə startap turu Sabirabad rayonunda təşkil olunub. Sabirabad rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirə 150-dən çox gənc qatılıb. Tədbir iştirakçılarına layihənin məqsədi, qaliblər üçün faydası, gələcək perspektivlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, "İdeyadan Biznesə" layihəsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Azercell” və “Microsoft” şirkətinin birgə təşkilatçılığı ilə reallaşdırılır. Tədbirin informativ hissəsindən sonra startapları əsas müsabiqəyə hazırlamaq üçün kiçik biznes-treninq keçirilib və iştirakçılardan ibarət 6 komanda formalaşdırılıb. Mentorlar həmin komandaları əsas müsabiqəyə hazırlayıblar. İkinci hissədə komandalar ideyalarını münsiflər heyəti qarşısında təqdim edib və hər çıxışdan sonra layihənin müzakirəsi, interaktiv sual-cavab keçirilib.Münsiflər region üzrə 1-ci yerə “OSHE01”, 2-ci yerə “AVP”, 3-cü yerə isə “2SI” layihəsini layiq görüblər.
Qeyd edək ki, qalib olan layihələr Bakıda keçiriləcək Milli Finalda iştirak hüququ qazanıb. Milli Finalda qalib gələcək ilk üç yerin sahibləri mükafatlandırılacaq, həmçinin onlara ideyalarını biznesə çevirmək üçün maliyyə dəstəyi göstəriləcək.