BP Azərbaycanda startap proqramına 82 min manat xərcləyib

BP Azərbaycanda startap proqramına 82 min manat xərcləyib

Bu gün BP və tərəfdaşları adından gələcəyin bacarıqlarını inkişaf etdirmək və innovasiyaları təşviq etmək məqsədi daşıyan bir təhsil layihəsi iştirakçılarının ən yaxşı startap ideyalarını mükafatlandırmaq üçün yekun tədbiri keçirib.

Bu barədə Startup.az-a  “BP-Azerbaijan” şirkətindən məlumat verilib.

Şirkətin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli: “Biz bu mühüm layihəni yekun nəticəyə çatdırmaqdan məmnunuq və fəxr edirik ki, “Gələcək üçün bacarıqlar” layihəsinin yekun tədbiri Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Layihədə gənc nəslin bu böyük şəxsiyyətin arzu və ideyalarını gələcəyin reallığına çevirməsinə kömək edəcək bacarıq və səriştələrin inkişafına xüsusi diqqət verilib.

Bu tədbir iştirakçılara öz yenilikçi ideya və layihələrini təqdim etmək üçün gözəl imkan yaradıb. Tələbələrin işgüzarlığını, vahid komanda şəklində işləmək qabiliyyətini və yeni bacarıqlarını – yəni onların öz gələcəyini və ölkənin gələcəyini qurmaları üçün gərəkən xüsusiyyətləri görmək çox ruhlandırıcı idi. Daha geniş mənada isə layihə infrastrukturun və startaplara dəstək mexanizmlərinin genişləndirilməsi və təkmilləşdirilməsi istiqamətində ölkənin qarşıya qoyduğu məqsədlərə uyğundur.”

Ötən ilin iyun ayından başlamış bu layihə Bakı, Gəncə və Mingəçevirdə yerləşən 13 universitetdə innovasiya və sahibkarlıq mühitinin təşviqinə yönəlmişdi.

Layihəyə iki əsas proqram – mentorluq və inkubasiya proqramları daxil idi. Mentorluq komponenti universitetlərdən seçilmiş 130 müəllim üçün altı aylıq təlim proqramı nəzərdə tuturdu və burada məqsəd tələbələrə startap və sahibkarlıq bacarıqlarını inkişaf etdirməyə yardım etmək üçün effektiv mentorlar hazırlamaq idi.

Bunun ardınca isə 2 256 müraciətdən seçilmiş 728 tələbəni əhatə edən geniş inkubasiya proqramı həyata keçirildi. Bu proqram iştirakçılara öyrəndikləri sahibkarlıq, kreativlik və digər mühüm bacarıqlar əsasında öz ilkin startap ideyalarını inkişaf etdirərək təqdim edilə biləcək yekun layihələrə çevirmək imkanı yaradıb.

Bugünkü “Pitch Day” (təqdimat günü) adlı yekun tədbirində 181 komanda arasından seçilmiş 19 uğurlu finalçının layihə təqdimatları dinlənildi. Tədbirdə münsiflərin qərarı ilə üç ən yaxşı startap komandasına və onların mentorlarına mükafatlar verilib.

Layihə yerli təhsil təşkilatı olan “İnnovasiyalar Mərkəzi” MMC tərəfindən yerinə yetirilib.

Müddəti bir il (iyun 2022 – iyun 2023) olan bu layihənin ümumi dəyəri təxminən 82 000 manat(48 235 ABŞ dolları) təşkil edib.

Paylaş