“Startap Günləri”nə rəsmi start verilib!
Azərbaycan Texniki Universitetinin (AzTU) İnkubasiya Mərkəzində SABAH qruplarının tələbələri üçün “Startap Günləri” innovasiya tədbiri keçirilir və onun ilk günü uğurla baş tutub. Tədbir İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) və Startup Azerbaijan-ın tərəfdaşlığı ilə 23–24 oktyabr tarixlərində təşkil olunur.
Startup.az xəbər verir ki, tədbiri AzTU İnkubasiya Mərkəzinin koordinatoru Azad Musayev açılış nitqi ilə açıb. O, iştirakçılara “Startap Günləri”nin prosesi və gedişatı barədə ətraflı məlumat verib.
Daha sonra AzTU-nun rektoru Vilayət Vəliyev çıxış edərək tələbələrə startapların önəmindən bəhs edib və iki günlük marafonun iştirakçılarına uğurlar arzulayıb.
AzTU rektorunun rəqəmsal məsələlər üzrə məsləhətçisi Osman Gündüz “Startap Günləri”nin mahiyyəti barədə danışıb. Tədbirdə AzTU-nun tədris məsələləri üzrə prorektoru Sübhan Namazov və Tələbələrlə iş şöbəsinin müdiri Rəna Cəbrayılova da çıxış ediblər.
İRİA-nın İnnovasiya ekosistemi departamentinin layihə meneceri Nigar Davud da çıxış edərək agentliyin bu təşəbbüsü dəstəklədiyini bildirib.
Tədbirin ikinci günündə komandalar hazırladıqları layihələri münsiflər heyətinə təqdim edəcəklər. İdeyalar innovativlik, reallaşdırılma potensialı və biznes dəyəri meyarları üzrə qiymətləndiriləcək. Qalib komandalar qiymətli hədiyyələrlə mükafatlandırılacaq. İştirakçılara isə rəsmi sertifikatlar təqdim olunacaq.
“Startap Günləri”nin əsas məqsədi tələbələrin ideyalarını real layihələrə çevirməsinə dəstək olmaq, onları startap ekosistemi ilə yaxından tanış etmək və sahibkarlıq bacarıqlarını inkişaf etdirməkdir.




